Sankt-Peterburqda Azərbaycan kəlağayısına həsr olunan tədbir keçiriləcək
Sankt-Peterburq şəhərində Azərbaycanın qədim və zəngin mədəni irsinin təbliğinə həsr olunan “Kəlağayı: Azərbaycanın mədəni irsinin ipək rəmzi” adlı mədəni-maarifləndirici tədbir keçiriləcək.

Sankt-Peterburq şəhərində Azərbaycanın qədim və zəngin mədəni irsinin təbliğinə həsr olunan “Kəlağayı: Azərbaycanın mədəni irsinin ipək rəmzi” adlı mədəni-maarifləndirici tədbir keçiriləcək.
F4media.az xəbər verir ki, tədbir sentyabrın 19-da saat 17:00-dan 20:00-dək Rusiya Milli Kitabxanasında baş tutacaq.
Tədbirin təşkilatçısı “Xan qızı Natəvan” adına Dünya Azərbaycan Qadınları İctimai Birliyinin rəhbəri Könül Abbasovadır.
Layihə “Leninqrad vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Regional İctimai Təşkilatı (AzNKA LO) və Rusiya Milli Kitabxanasının əməkdaşlığı çərçivəsində keçirilir. Tədbirə “Yeləni”, “Xan qızı Natəvan” adına Dünya Azərbaycan İctimai Qadınlar Birliyi, “Sankt-Peterburq Azərbaycan Dostluq və Əməkdaşlıq İctimai Birliyi”, “Simurq” və “Gənclər birliyi” ictimai təşkilatları, həmçinin “Naz” rəqs ansamblı dəstək göstərir.
Tədbirdə milli kəlağayı sənətini yaşadan “Yeləni” brendinin təsisçisi və tədqiqatçısı Nigar Həziyevanın kəlağayı kolleksiyası nümayiş olunacaq.
Proqram çərçivəsində kəlağayının yaranma tarixi, Böyük İpək Yolu ilə əlaqəsi, üzərindəki bədii simvollar, butalar və onların mənəvi dəyərləri barədə təqdimatlar keçiriləcək. Azərbaycan mədəniyyətinin rəngarəngliyini əks etdirən xüsusi təqdimatlar və müzakirələr də təşkil olunacaq.
Qeyd edək ki, kəlağayı Azərbaycan mədəni irsinin mühüm simvollarından biridir və UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
“Rusiya xalqlarının birliyi ili” çərçivəsində keçiriləcək tədbirə giriş ödənişsizdir.





