TEKNOFEST Cənub-Şərqdə rekord iştirak: 200 min ziyarətçi
Şanlıurfada keçirilən TEKNOFEST Cənub-Şərq rekord sayda iştirakçı toplayıb. Xaluk Bayraktar festivalı respublika tarixinin ən böyük təşkilatı adlandırıb və media tərəfdaşı Demirören Mediya stendinə baş çəkib.

Türkiyənin Şanlıurfa şəhərində keçirilən TEKNOFEST Cənub-Şərq festivalı böyük maraqla qarşılanıb. Festivalın ikinci günündə ziyarətçilərin sayı 200 minə çatıb.
Bu barədə Baykar şirkətinin baş direktoru və T3 Fondunun qəyyumlar şurasının üzvü Xaluk Bayraktar məlumat verib.
Bayraktar festivalın media tərəfdaşı olan Demirören Medianın 250 kvadratmetrlik stendini ziyarət edib və burada jurnalistlərə açıqlama verib.
O bildirib ki, festivalda texnologiya, robototexnika, süni intellekt, biotexnologiya, pilotsuz uçuş aparatları və incəsənət daxil olmaqla müxtəlif sahələr üzrə çoxsaylı müsabiqələr keçirilir.
Bayraktarın sözlərinə görə, festivalda 157 tərəfdaş iştirak edir. O, TEKNOFEST-in əsas məqsədinin gəncləri yeni texnologiyalara yönəltmək, onların ideyalarını həyata keçirməsinə şərait yaratmaq olduğunu vurğulayıb.
Süni intellekt layihələri diqqət çəkib
Bayraktar Demirören Media stendində yerli süni intellekt köməkçisi “Dimi” ilə də tanış olub. Layihənin iş prinsipi barədə ona Demirören Media platforma və media texnologiyaları qrupunun direktoru Əhməd Temur məlumat verib.
O, həmçinin TEKNOFEST üçün hazırlanmış viktorina, süni intellekt əsaslı AI Future Verse və AI Reporter Studio layihələrinə baxıb.
Bayraktar Demirören peşə-texniki Anadolu media və texnologiyalar liseyinin şagirdlərinin hazırladığı layihələrlə də tanış olub.
Səfər zamanı o, Demirören Yayınlarının stendini də ziyarət edib və mədəni irslə bağlı hazırlanmış nəşrlər haqqında məlumat alıb.
Qeyd edək ki, TEKNOFEST Cənub-Şərq festivalı Şanlıurfada keçirilir və müxtəlif yaş qruplarından olan iştirakçıları texnologiya və innovasiya ətrafında bir araya gətirir.
Mənbə: cnnturk.com





