Fars körfəzindəki gərginlik fonunda dünya neft qiymətləri artır
Hürmüz boğazındakı geosiyasi gərginlik fonunda əsas neft markalarının qiymətləri nəzərəçarpacaq dərəcədə artaraq son üç ayın maksimumuna çatıb.

Sentyabrın 8-nə olan məlumata görə, İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" (CIF) markalı neftinin qiyməti 3,11 dollar (2,98%) artaraq bir barel üçün 107,31 dollar təşkil edib. Türkiyənin Ceyhan limanında (FOB) isə bu markadan olan neftin qiyməti 3,18 dollar (3,15%) artaraq 104,23 dollar olub.
Kotirovkaların artımı digər markalara da təsir edib: "Urals" nefti 3,34 dollar (4,27%) bahalaşaraq 81,6 dollara, Şimal dənizi qarışığı olan "Dated Brent" isə 5,67 dollar (5,62%) artaraq 106,51 dollara çatıb. Qeyd edək ki, Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsi neftin bir barelinin 65 dollar proqnoz qiyməti əsasında formalaşdırılıb.
Dünya neft qiymətləri 92 dollar səviyyəsindən yuxarıda qalmaqla son üç ayın maksimumundadır. Bazara təzyiq göstərən əsas amil Hürmüz boğazı ətrafındakı vəziyyətdir. İran, gündəlik təxminən 7 milyon barel neft və neft məhsullarının daşındığı bu strateji dəhlizdə gəmiçiliyə nəzarət etmək üçün Omanla sazişin başa çatdığını bəyan edib.
Gərginlik ötən həftə sonu ABŞ-ın Hürmüz boğazında İran tankerlərinə zərbələr endirməsindən sonra daha da artıb. Münaqişə tərəfləri regiondakı dəniz və hərbi-dəniz aktivlərinə hücumları intensivləşdiriblər. Bundan əlavə, bazar ertəsi Qırmızı dəniz sahilindəki Cizan şəhərində "Saudi Aramco" obyektlərinə hücum olub, lakin əldə olan məlumatlara görə, dəymiş ziyan məhdud olub.
Artan risklərə və ötən həftə qiymətlərin 10% artmasına səbəb olan münaqişənin eskalasiyasına baxmayaraq, Fars körfəzi ölkələrindən neft tədarükü hazırda normal rejimdə davam edir.
Mənbə: trend.az





