AzInTelecom jurnalistlər üçün rəqəmsal texnologiyalar üzrə təlim seminarı keçirib
40-a yaxın media nümayəndəsi milli məlumat mərkəzlərinin infrastrukturu, superkompüterlər və SİMA ekosistemi ilə tanış olub.

AZCON Holding-in strukturuna daxil olan AzInTelecom şirkəti media nümayəndələri üçün “Qələmdən süni intellektə” adlı təlim seminarı təşkil edib. Tədbirdə 40-a yaxın jurnalist iştirak edib.
Görüş zamanı şirkət ekspertləri AzInTelecom-un rəqəmsal xidmətlər və müasir texnoloji həllər sahəsindəki fəaliyyətinə dair icmal təqdim ediblər. Şirkətin Azərbaycanın rəqəmsal inkişafındakı strateji rolu, milli məlumat mərkəzlərinin imkanları, superkompüter infrastrukturu və kibertəhlükəsizlik sahəsindəki xidmətlərinə xüsusi diqqət yetirilib.
İştirakçılara SİMA ekosisteminin son yenilikləri və funksional imkanları nümayiş etdirilib, həmçinin platformanın rəsmi talismanı olan “Simi” təqdim olunub.
Proqramın əsas hissəsi ənənəvi jurnalistikadan rəqəmsal kommunikasiyalara keçidə həsr olunub. Seminar interaktiv formatda keçirilib ki, bu da media nümayəndələrinə onları maraqlandıran sualları vermək və fikir mübadiləsi aparmaq imkanı yaradıb.
Tədbir tematik viktorina ilə başa çatıb və qaliblərə xatirə hədiyyələri təqdim olunub. Təşkilatçıların qeyd etdiyi kimi, bu təşəbbüs jurnalistlərin informasiya-kommunikasiya texnologiyaları sahəsində maarifləndirilməsinə və ölkədə rəqəmsal xidmətlərin keyfiyyətli işıqlandırılmasına dəstək məqsədi daşıyır.
Mənbə: report.az





