Filippin sahillərində bərədə baş verən yanğın nəticəsində həlak olanların sayı 76 nəfərə çatıb
Filippinin Palavan əyalətində "MV June Aster" sərnişin bərəsində baş verən yanğın nəticəsində həlak olanların sayı 35-dən 76-ya yüksəlib. İtkin düşən digər şəxslərin axtarışları davam edir.

Filippinin Palavan əyaləti sahillərində "MV June Aster" sərnişin bərəsində baş verən yanğın nəticəsində həlak olanların sayı 76 nəfərə çatıb. Bu barədə brifinq zamanı Filippin Sahil Mühafizəsinin rəsmi nümayəndəsi Noemi Kayabyab bildirib.
Kayabyabın sözlərinə görə, gəmidə aparılan axtarış-xilasetmə əməliyyatı zamanı hadisənin daha 41 qurbanının qalıqları aşkar edilib. Bu məlumatlar nəzərə alınmaqla, təsdiqlənmiş ölənlərin ümumi sayı əvvəl qeydə alınan 35 nəfərdən artaraq 76-ya çatıb.
Bərədə yanğın sentyabrın 9-da başlayıb. Gəmi sənədlərinə əsasən, göyərtədə ümumilikdə 134 nəfər olub, onlardan 117-si sərnişin, 17-si isə heyət üzvü idi.
Hazırda 43 nəfər xilas edilmiş sayılır. Daha 13 nəfərin taleyi məlum deyil, onların axtarışları davam etdirilir.
Bununla yanaşı, məlum olub ki, bu reysə bileti olan iki sərnişin son anda gəmiyə minməyib.
Mənbə: oxu.az





