Tələbə təhsil kreditlərinin rəsmiləşdirilməsi prosesi SİMA rəqəmsal imzasına keçirilib
Tələbələr artıq SİMA İmza biometrik identifikasiyası vasitəsilə kredit müqavilələrini bir neçə dəqiqə ərzində onlayn şəkildə rəsmiləşdirə bilərlər.

Təhsil Tələbə Krediti Fondu (TTKF) SİMA İmza rəqəmsal imza sistemini inteqrasiya etməklə kredit müqavilələrinin rəsmiləşdirilməsi prosedurunu təkmilləşdirib. Cari ildən etibarən fond tərəfindən ayrılan kreditlər üzrə bütün müqavilələrin imzalanması yalnız bu həll vasitəsilə onlayn formatda həyata keçirilir.
Kredit əldə etmək üçün tələbə e-ttkf.edu.az portalında qeydiyyatdan keçməlidir. Bundan sonra qeydiyyat zamanı göstərilən mobil nömrəyə müvəkkil bankdan keçid daxil olur. Keçidə daxil olduqda istifadəçi SİMA İmza tətbiqinə yönləndirilir və burada üz tanıma texnologiyası (biometric technology) vasitəsilə şəxsiyyətin identifikasiyası aparılır. Yoxlama uğurla başa çatdıqda tələbə müqaviləni elektron qaydada imzalayır.
SİMA İmza-nın tətbiqi vaxta və resurslara qənaət etməklə, həmçinin sənədləşmə prosesinin təhlükəsizliyini təmin etməklə vətəndaş məmnuniyyətinin artırılmasına yönəlib.
SİMA İmza rəqəmsal imzası AZCON Holding-in strukturuna daxil olan «AzInTelecom» MMC tərəfindən hazırlanıb. Həll istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərə məsafədən çıxış əldə etməyə imkan verir. Rəqəmsal imzaya xidmət mərkəzlərinə getmədən, mobil tətbiq vasitəsilə pulsuz şəkildə sahib olmaq mümkündür.
Mənbə: report.az





