Azərbaycanda sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” ilə imzalaya biləcəklər
"SİMA İmza" "Etender.gov.az" dövlət satınalmaları üzrə vahid portalına inteqrasiya edilib. Sahibkarlar xidmət mərkəzlərinə getmədən sənədləri rəqəmsal imza ilə imzalaya biləcəklər.

Azərbaycanda "SİMA İmza" "Etender.gov.az" dövlət satınalmaları üzrə vahid internet portalına inteqrasiya edilib. Sənədlərin "SİMA İmza" vasitəsilə rəqəmsal imzalanması imkanını Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yaradıb.
Qeyd olunur ki, hazırda sahibkarlar portalda şirkətlərin maliyyə hesabatlarını, həmçinin Dövlət Vergi Xidmətindən müvafiq arayışların alınması ilə bağlı müraciətləri imzalaya bilərlər. Bütün proses tam rəqəmsal formatda həyata keçirilir.
Sahibkarlar rəqəmsal imzanı xidmət mərkəzlərinə müraciət etmədən mobil tətbiq vasitəsilə əldə edir və portalda tender proseslərinə birbaşa onlayn rejimdə qoşula bilərlər.
Bunun sayəsində sənədlərin imzalanması prosesi sadələşir, satınalma iştirakçıları üzərində əməliyyat yükü azalır və prosedurların daha çevik və operativ icrası üçün şərait yaradılır. İmzanın onlayn əldə edilməsi həm də kiçik və orta sahibkarların dövlət satınalmalarında iştirakını asanlaşdırır, rəqabət mühitinin genişlənməsinə və proseslərin şəffaflığına töhfə verir.
Rəqəmsal transformasiyanın bir hissəsi
Yenilik ölkədə dövlət xidmətlərinin rəqəmsallaşdırılması işinin bir hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişaf Konsepsiyası"nda dövlət xidmətlərinin modernləşdirilməsi və rəqəmsal platformalara keçid əsas istiqamətlər sırasında göstərilib.
"AzInTelecom" istifadəçilər üçün rahat və əlçatan rəqəmsal xidmət təcrübəsi yaradaraq SİMA-nın tətbiq sahələrini genişləndirməyə davam edəcək.
Qeyd edilir ki, yeni nəsil rəqəmsal imza SİMA AZCON Holding şirkətləri sırasına daxil olan "AzInTelecom" MMC tərəfindən yaradılıb. "SİMA İmza" istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli istifadə imkanı verən rəqəmsal imza həllidir. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən mobil tətbiq vasitəsilə pulsuz əldə etmək mümkündür.
Mənbə: apa.az





