Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində 5 ulduz alıb
Mingəçevir Dövlət Universiteti (MDU) beynəlxalq ali təhsil məkanında mühüm uğura imza atıb. Universitet dünyanın nüfuzlu ali təhsil analitikası şirkətlərindən biri olan Quacquarelli Symonds (QS) tərəfindən həyata keçirilən QS Stars beynəlxalq qiymətləndirmə sistemində dörd istiqamət üzrə maksimum…

Yenilənib: Oktyabr 16, 2026 1:16 axşam
Mingəçevir Dövlət Universiteti (MDU) beynəlxalq ali təhsil məkanında mühüm uğura imza atıb. Universitet dünyanın nüfuzlu ali təhsil analitikası şirkətlərindən biri olan Quacquarelli Symonds (QS) tərəfindən həyata keçirilən QS Stars beynəlxalq qiymətləndirmə sistemində dörd istiqamət üzrə maksimum nəticə – 5 ulduz əldə edib.
Qiymətləndirmə çərçivəsində universitet tədris, müxtəliflik və inklüzivlik, yaxşı idarəetmə və məşğulluq istiqamətləri üzrə ən yüksək nəticəyə layiq görülüb.
Tədris istiqamətində əldə olunan 5 ulduz universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbəyönümlü akademik mühitin yaradılması və professor-müəllim heyətinin peşəkarlığının qiymətləndirilməsini əhatə edir.
Müxtəliflik, bərabərlik və inklüzivlik istiqamətində yüksək nəticə tələbələr və əməkdaşlar üçün bərabər imkanların yaradılması, sosial inklüzivliyin təşviqi və əlçatan akademik mühitin formalaşdırılması ilə bağlıdır. Yaxşı idarəetmə sahəsində universitetin şəffaflıq, hesabatlılıq və strateji planlaşdırma prinsiplərinə əsaslanan fəaliyyəti, məşğulluq istiqamətində isə məzunların əmək bazarına inteqrasiyası və işəgötürənlərlə əməkdaşlıq yüksək qiymətləndirilib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində ilk iştirakında ümumilikdə 4 ulduz nəticəsi əldə edib. Dörd istiqamət üzrə maksimum göstəriciyə nail olunması universitetin institusional inkişafı, beynəlxalq rəqabət qabiliyyətinin artırılması və qlobal ali təhsil məkanına inteqrasiyası baxımından əhəmiyyətli nailiyyət hesab olunur.
Əldə edilən nəticə MDU-nun 2030-cu ilədək strateji inkişaf hədəfləri çərçivəsində həyata keçirdiyi islahatlar, keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və universitet-sənaye tərəfdaşlığının gücləndirilməsi istiqamətində görülən işlərlə əlaqələndirilir.
Universitetin bu uğuru kollektivin birgə əməyinin və məqsədyönlü fəaliyyətinin nəticəsi kimi qiymətləndirilir. QS Stars üzrə əldə olunan göstəricilərin MDU-nun beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə və təhsilin keyfiyyətinin gələcəkdə daha da yüksəldilməsinə töhfə verəcəyi gözlənilir.





