“Azərbaycan Dəmir Yolları” sentyabrın 15-dən Xırdalan və Bakı arasında yol müddətini azaldır
Sentyabrın 15-dən yeni hərəkət cədvəlinin tətbiqi sayəsində Xırdalan – Bakı marşrutu üzrə qatarların hərəkət müddəti 35 dəqiqəyə qədər azalacaq, şəhərətrafı reyslərin ümumi sayı isə gün ərzində 96-ya çatacaq.

Sentyabrın 15-dən Xırdalan – Bakı istiqamətində qatarların hərəkət müddəti 45 dəqiqədən 35 dəqiqəyə qədər azalacaq. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Şirkətdən izah edilib ki, 45 dəqiqəlik cari gediş müddəti Xırdalan – Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmir yolu körpüsünün təmiri ilə bağlı olub. Bərpa işləri başa çatdıqdan sonra hərəkət sürəti artırılacaq, Bakı – Xırdalan marşrutu üzrə yol müddəti isə əvvəlki 26 dəqiqəlik göstəriciyə qayıdacaq. Həmçinin Xırdalan – Sumqayıt xətti üzrə sərnişindaşıma da bərpa olunacaq.
Yeni cədvələ əsasən, Bakı – Xırdalan – Bakı marşrutu üzrə reyslərin sayı 26-dan 32-yə çatdırılıb. Səhər sərnişin axını nəzərə alınaraq Xırdalan istiqamətinə iki reys əlavə edilib, Bakıdan Xırdalan istiqamətinə isə saat 20:30-da əlavə axşam reysi tətbiq olunub. Ümumilikdə gündəlik şəhərətrafı reyslərin sayı 90-dan 96-ya yüksəlib.
Paralel olaraq turniketlərdə təmassız ödəniş imkanları genişləndirilib: artıq gediş haqqını NFC vasitəsilə yalnız Visa ilə deyil, Mastercard kartları ilə də ödəmək mümkündür. Bank kartları ilə gediş haqqının silinməsi artıq bilavasitə səfər edildiyi gün həyata keçirilir.
Bakı, Sabunçu, Pirşağı, Xırdalan, Koroğlu, Bakıxanov, Məmmədli və Dərnəgül stansiya və dayanacaq məntəqələrinin turniketlərində bank kartlarının qəbulu üçün 58 əlavə validator quraşdırılıb. Rəqəmsal xidmətlərin inkişafının növbəti mərhələsində "SIMA Pay" üz tanıma ilə ödəniş funksiyasına malik terminalların sayının artırılması planlaşdırılır.
Mənbə: news.milli.az





