Azərbaycan Türkmənistanla neft-qaz məhsulları üzrə ticarəti artırmağı hədəfləyir
Deputat Vüqar Bayramovun sözlərinə görə, prioritet Türkmənistanla neft-qaz məhsulları üzrə ticarət əməkdaşlığının gücləndirilməsidir. 2025-ci ildə ticarət dövriyyəsi 208 milyon dollar olub.

Azərbaycan Türkmənistanla iqtisadi əlaqələrin inkişafına, o cümlədən ticarət əməkdaşlığının gücləndirilməsinə və neft-qaz məhsulları üzrə ticarət dövriyyəsinin artırılmasına xüsusi əhəmiyyət verir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məsləhətləşmə görüşündəki çıxışında ölkənin Mərkəzi Asiya dövlətləri, o cümlədən Türkmənistanla iqtisadi əlaqələrinin inkişafına diqqət çəkib.
Deputat qeyd edib ki, 2025-ci ildə Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 208 milyon dollar təşkil edib. Həmin dövrdə Türkmənistandan Azərbaycana 114,5 milyon dollar dəyərində məhsul idxal edilib, Türkmənistana ixrac isə 63,8 milyon dollar olub.
Vüqar Bayramov bildirib ki, ötən il ərzində Azərbaycan Türkmənistanla 518 növ məhsul üzrə ticarət əməliyyatları aparıb.
İdxal və ixracın strukturu
Deputatın sözlərinə görə, Türkmənistandan idxalın strukturunda energetika məhsulları üstünlük təşkil edir. 2025-ci ildə Türkmənistandan 36,4 milyon dollar dəyərində təbii qaz, 12,5 milyon dollar dəyərində reaktiv mühərriklər üçün kerosin yanacağı, 7,7 milyon dollar dəyərində ağır distillatlar və ya digər məqsədlər üçün qazoyllar idxal edilib.
Bundan başqa, Azərbaycana xüsusi emal prosesləri və kimyəvi çevrilmələr üçün maye yanacaq 7,4 milyon dollar, mineral və ya kimyəvi azot gübrələri 2,3 milyon dollar, xüsusi emal prosesləri və kimyəvi çevrilmələr üçün sürtkü yağları 1,4 milyon dollar dəyərində idxal edilib. Türkmənistandan digər məhsullar da idxal olunub.
Vüqar Bayramov bildirib ki, Azərbaycandan Türkmənistana ixrac edilən məhsullar arasında kənd təsərrüfatı məhsullarının emalı məhsulları üstünlük təşkil edir. Belə ki, ötən il Azərbaycan Türkmənistana 22,4 milyon dollar dəyərində ağ şəkər və digər kimyəvi cəhətdən təmiz saxaroza, 7,8 milyon dollar dəyərində dəmir və ya ərintisiz poladdan məhsullar, 3,9 milyon dollar dəyərində pambıq lifi, 1,8 milyon dollar dəyərində qara metallardan konstruksiyalar, 931 min dollar dəyərində süd yağı və digər məhsullar ixrac edib.
Deputat vurğulayıb ki, Türkmənistanla, eləcə də digər qardaş türk dövlətləri ilə ticarət dövriyyəsinin sonrakı artımı prioritet istiqamətlərə aiddir.
«Əsas məqsəd neft-qaz məhsulları üzrə ticarət əməkdaşlığını gücləndirməkdir», — deyə V. Bayramov əlavə edib.
Mənbə: az.trend.az




