Gənclərə sosial layihələrin idarə edilməsi öyrədilib
“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə gənclər üçün “Sosial layihələrin idarə edilməsi” mövzusunda maarifləndirici təlim keçirilib.

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə gənclər üçün “Sosial layihələrin idarə edilməsi” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimin əsas məqsədi gənclərin sosial layihələrin hazırlanması və icrası ilə bağlı nəzəri və praktiki biliklərini artırmaq, onların təşəbbüskarlıq və layihə idarəetməsi bacarıqlarını inkişaf etdirmək olub.
Gənclərlə iş üzrə mütəxəssis İlham Əhmədovun apardığı təlim zamanı sosial layihənin ideyasının formalaşdırılmasından başlayaraq onun planlaşdırılması və uğurla həyata keçirilməsinə qədər əsas mərhələlər izah olunub.
İştirakçılara layihə planının hazırlanması, resursların düzgün bölüşdürülməsi, komanda işinin təşkili və mümkün risklərin idarə olunması ilə bağlı praktiki yanaşmalar təqdim edilib.
İnteraktiv formatda keçirilən təlimdə real layihələrdən nümunələr əsasında qarşıya çıxa biləcək problemlər və onların həlli yolları müzakirə olunub. Gənclər praktiki tapşırıqlarda iştirak edərək əldə etdikləri bilikləri tətbiq etmək imkanı qazanıblar.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və sosial layihələrin daha effektiv hazırlanması və idarə olunması ilə bağlı tövsiyələr verilib.









