Kamaləddin Heydərov Qırğızıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Kamaləddin Heydərov və Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Maksat Mamıtkanov iki ölkənin fövqəladə hallar nazirliklər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsini müzakirə ediblər.

Azərbaycanın Fövqəladə Hallar naziri general-polkovnik Kamaləddin Heydərov Qırğızıstan Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov ilə görüş keçirib.
FHN rəhbəri iki ölkə arasında ümumi köklərə, tarixi və mədəni yaxınlığa əsaslanan dostluq münasibətlərini qeyd edib. Kamaləddin Heydərov vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyevin və Qırğızıstan Respublikasının prezidenti Sadır Japarovun siyasi uzaqgörənliyi sayəsində ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf edir.
Nazir ölkə prezidentinin tapşırığı ilə Azərbaycan FHN-nin 2015-ci ildə Oş vilayətində baş verən güclü zəlzələdən sonra Qırğızıstana göndərdiyi humanitar yardımı xatırladıb. Keçən il Qırğızıstan Respublikasının Fövqəladə Hallar Nazirliyi təmənnasız maddi-texniki yardım alıb ki, bu da qardaşlıq həmrəyliyinin daha bir təzahürü olub və qurumlar arası münasibətlərin inkişafına töhfə verib.
Kamaləddin Heydərov Qırğızıstan FHN ilə fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması, mülki müdafiə, mütəxəssislərin hazırlanması və peşəkar təcrübə mübadiləsi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Nazir əminliyini ifadə edib ki, Qırğızıstan Respublikasının Bakıdakı səfirliyi bu istiqamətdə səylərini davam etdirəcək.
Səfir Maksat Mamıtkanov Azərbaycan və Qırğızıstan arasında dostluq münasibətlərinin davamlı inkişafından məmnunluğunu bildirib. Diplomat iki ölkənin müvafiq qurumları arasında fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydası qeyd edib və bu istiqamətdə səy göstərəcəyini bildirib.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Mənbə: apa.az





