“Gənc Novatorlar” İctimai Birliyi ilə psixoloji sağlamlıq sahəsində əməkdaşlıq müzakirə olunub

Yenilənib: Noyabr 8, 2026 1:28 axşam
“Gənc Novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin icraçı direktoru Xumar İsmayılova ilə İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Məmməd arasında görüş keçirilib.
Görüşdə gənclərin psixoloji sağlamlığının qorunması, emosional rifahının gücləndirilməsi, psixoloji maarifləndirmənin genişləndirilməsi və sağlam həyat tərzinin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər gənclər üçün psixoloji maarifləndirmə tədbirlərinin, seminarların, təlimlərin və mütəxəssislərlə görüşlərin təşkilini müzakirə ediblər.
Həmçinin gələcəkdə birgə layihələrin həyata keçirilməsi, psixoloji dəstək istiqamətində maarifləndirici təşəbbüslərin reallaşdırılması və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.
Görüşün əsas məqsədi gənclərin yalnız akademik və peşəkar deyil, eyni zamanda psixoloji baxımdan da sağlam inkişafına töhfə verməkdir.









