Türkiyədə 10 bloqer saxlanılıb: onların aylıq gəlirləri açıqlanıb
Türkiyədə sosial şəbəkələrdə qalmaqallı kontent yayan 10 influenser saxlanılıb. Onlar məhkəməyə təhvil verilib, aylıq gəlirlərinin 200 min liradan 500 min liraya qədər olduğu müəyyən edilib.

Türkiyədə dava, təhdid, təhqir və gərgin hadisələri canlı yayımlayan, bu görüntülərdən gəlir əldə edən 10 influenser saxlanılıb.
İstintaqın məlumatına görə, şübhəlilər əsasən TikTok-da, həmçinin Instagram və X platformalarında bu tip kontent yayımlayıblar. Dindirmə zamanı onlar etdiklərinin qanunsuz olduğunu bilmədiklərini bildiriblər. Influencerlər aylıq gəlirlərinin 200 min–500 min türk lirəsi arasında olduğunu deyiblər.
Əməliyyat İstanbul Polis İdarəsinin İctimai Qayda və Kibercinayətkarlıqla Mübarizə bölmələri tərəfindən həyata keçirilib.
Şübhəlilərin müəyyənləşdirilməsindən sonra İstanbulla yanaşı Ankara, Antalya, Bursa, Kocaeli, Muğla, Qaziantep, Şanlıurfa, Malatya və Elazığda da ünvanlarda axtarış aparılıb.
Əməliyyat zamanı 10 nəfər saxlanılıb. Onlardan narkotik istifadəsinin müəyyən edilməsi üçün qan nümunələri də götürülüb.
İstintaq çərçivəsində şübhəlilərə ədavət və nifrət qızışdırmaq, insanları alçaltmaq və qanunsuz fəaliyyətlə bağlı ittihamlar irəli sürülüb.
Bütün prosedurlar başa çatdıqdan sonra saxlanılan şəxslər məhkəməyə göndərilib.
Mənbə: cnnturk.com





