Yunanıstan Almaniyadan 341 milyard avroya qədər hərbi təzminat tələb edir
Yunanıstan prezidenti Konstantinos Tasulas Afinanın Almaniyaya qarşı hərbi təzminat tələblərinin aktuallığını, qanuniliyini və vaxt məhdudiyyəti olmadığını bildirib.

Yunanıstan prezidenti Konstantinos Tasulas ölkəsinin Almaniyadan İkinci Dünya müharibəsi ilə bağlı hərbi təzminat və kompensasiya tələblərinin qüvvədə qaldığını açıqlayıb.
Tasulas bu barədə Yunanıstanın şimalında yerləşən Linyadesdə 83 il əvvəl baş vermiş qətliamın ildönümünə həsr olunan anım mərasimində çıxış edib. Prezident bildirib ki, Afinanın tələbləri “aktuallığını, qanuniliyini və vaxt məhdudiyyəti olmadığını” qoruyur.
Linyades qətliamı İkinci Dünya müharibəsi illərində, Almaniyanın Yunanıstanı işğalı zamanı baş verib. Yunanıstan mənbələrinin məlumatına görə, alman qoşunları Linyades və ətraf ərazilərin 88 sakinini öldürüb. Həlak olanlar arasında 40-dan çox uşaq və yeniyetmənin olduğu bildirilir.
2014-cü ildə Almaniyanın sabiq prezidenti Yoaxim Qauk Linyadesə səfər edərək qətliam qurbanlarının xatirəsinə əklil qoyub.
Yunanıstan uzun illərdir Almaniyadan müharibə zamanı ölkəyə vurulan zərərin kompensasiya edilməsini, həmçinin Almaniyanın işğal dövründə Yunanıstanın hesabına aldığı məcburi kreditin qaytarılmasını tələb edir.
Afinanın hesablamalarına görə, bu tələblərin ümumi məbləği hesablama metodundan asılı olaraq 278–341 milyard avro arasında dəyişir. Yunanıstan hökuməti kompensasiya məsələsinin hələ də həll olunmadığını bildirir.
Almaniya isə Afinanın tələblərini qəbul etmir. Berlinin mövqeyinə görə, İkinci Dünya müharibəsi ilə bağlı təzminat məsələsi hüquqi baxımdan artıq tənzimlənib.
İki ölkənin hazırda həm Avropa İttifaqı, həm də NATO çərçivəsində müttəfiq olmasına baxmayaraq, müharibə dövrünə aid təzminat məsələsi Yunanıstan-Almaniya münasibətlərində həssas tarixi mövzulardan biri olaraq qalır.
Mənbə: news.am





