27 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Mədəniyyət

Yaşın nə fərqi var ki?

Xalq artisti Polad Bülbüloğlunun 81 yaşında rəqqasə və pedaqoq Eteri Cəfərova ilə ailə həyatı qurması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Tünzalə Məlikova2 dəq oxunuş
Mətn ölçüsü
Polad Bülbüloğlunun 81 yaşında evlənməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub
Mədəniyyət — F4Media

Yenilənib: Avqust 26, 2026 1:43 axşam

Polad Bülbüloğlunun 81 yaşında yenidən ailə həyatı qurması sosial şəbəkələrdə gözlənilməz bir müzakirəyə çevrildi. Kimisi yaş fərqini hesabladı, kimisi təəccübləndi, kimisi də Xalq artistini qınamağa başladı. Sanki söhbət bir toy xəbərindən yox, cəmiyyətin ümumi iclasından gedirdi.

Halbuki məsələ əslində çox sadədir: iki yetkin insan bir-birini sevib, bir-birini həyat yoldaşı seçib. Burada bizim üçün bu qədər böyük problem yaradan nədir?

Polad Bülbüloğlunun həyat yoldaşının sənət adamı, tanınmış rəqqasə və pedaqoq Eteri Cəfərova olması da ayrıca qeyd olunur. Onların sənət mühitində bir-birini tanıması və uzun illər yaradıcılıq əlaqələrinin olması münasibətin birdən-birə yaranmadığını göstərir.

Amma görünür, bizim cəmiyyətdə sevginin də yaş həddi var. 30 yaşında evlənirsənsə — normaldır. 50 yaşında — “gecikdi, amma yaxşı etdi”. 70 yaşında — “hə, maraqlıdır”. 80 yaşında isə artıq ekspertlər işə başlayır: “Bu yaşda evlənmək olar?”

Niyə olmasın?

İnsan 80 yaşında musiqi yaza, səhnəyə çıxa, yeni işə başlaya, dünyanı gəzə bilirsə, niyə sevə bilməsin? Ürəyə yaş məhdudiyyəti qoyulmayıb axı. Sevginin pensiya yaşı yoxdur.

Üstəlik, burada təkcə Polad Bülbüloğlunun seçimi yoxdur. Qarşı tərəf də öz seçimini edib. İki insanın qarşılıqlı razılığı və xoşbəxtliyi varsa, biz kənardan hansı əsasla onların yerinə qərar verməliyik?

Bəlkə də problem yaş fərqində deyil. Problem bizim başqalarının həyatını öz qəlibimizə salmaq istəyimizdədir.

Ən qəribəsi də budur: başqasının sevgisini müzakirə edənlərin çoxu öz həyatındakı xoşbəxtliyin nə qədər olduğunu belə bilmir. Amma gəlib iki insanın münasibətinə “yaş” ölçüsü qoyur.

Axı Polad Bülbüloğlu 81 yaşında olsa da, heç kim onun ürəyinə 81 yaş verməyib.

İnsan qocalır, saç ağarır, illər keçir. Amma sevmək haqqı qocalmır. Ona görə də gəlin başqasının sevgisinə yaş ölçüsü qoymaqdan əvvəl bir az öz həyatımıza baxaq. Çünki insanın neçə yaşında evləndiyi yox, həyatının qalan hissəsini kiminlə və necə yaşamaq istədiyi onun öz qərarıdır.

Qalanı isə sadəcə bizim fikrimizdir.

Və hər fikir hökm deyil.

Paylaş

Oxşar materiallar

Hamısına bax