Zülfiyyə Nuriyeva: Ahılların sosial həyata cəlb olunması onların həyata bağlılığını gücləndirir
Ahıllara göstərilən diqqət və qayğı onların sosial aktivliyinin artmasına, özlərini cəmiyyətin ayrılmaz hissəsi kimi hiss etmələrinə mühüm təsir göstərir.

Yenilənib: Oktyabr 1, 2026 1:25 axşam
Ahıllara göstərilən diqqət və qayğı onların sosial aktivliyinin artmasına, özlərini cəmiyyətin ayrılmaz hissəsi kimi hiss etmələrinə mühüm təsir göstərir.
Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ilə bağlı F4Media.az-a açıqlamasında Azərbaycanda ahılların sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərdən danışıb.
Z.Nuriyevanın sözlərinə görə, ahılların asudə vaxtının səmərəli təşkili, müxtəlif sosial və mədəni tədbirlərə cəlb olunması onların gündəlik həyatına müsbət təsir göstərir.
O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Ahıllar Evində sakinlərin sosiallaşmasına yönələn müxtəlif tədbirlər keçirilir. Ahılların əməkdaşlarla birgə futbol yarışlarında iştirakı, teatr tamaşalarının hazırlanması, DOST İnklüziv Mərkəzinin benefisiarları ilə birgə tədbirlərin təşkili bu fəaliyyətlərdəndir.
“Belə layihələr ahılların üzündə təbəssüm yaradır və onların həyata bağlılığını gücləndirir”, – deyə Z.Nuriyeva vurğulayıb.
Gündəlik xidmətlər ahılların həyatına rəng qatır
QHT sədrinin sözlərinə görə, hazırda Bakı da daxil olmaqla altı ərazidə ahıllara gündüz xidmətləri göstərilir. Bu mərkəzlərdə hər gün 30 ahıla müxtəlif istiqamətlərdə xidmət təqdim edilir.
Burada ahılların qidalanması təmin olunur, stolüstü oyunlar təşkil edilir, doğum günləri qeyd olunur, ünsiyyət və sosiallaşma üçün şərait yaradılır. Eyni zamanda, onların muzeylərə, müxtəlif tədbirlərə və turlara aparılması təşkil edilir.
Z.Nuriyeva qeyd edib ki, bu xidmətlərin əsas məqsədlərindən biri ahılların vaxtını daha maraqlı və səmərəli keçirməsinə imkan yaratmaqla yanaşı, onların ailə üzvləri ilə münasibətlərinin qorunmasına da dəstək verməkdir.
“Bəzən ahılları səhər övladları və nəvələri mərkəzə gətirir, axşam isə özləri aparırlar. Bu, çox gözəl nəticədir. Çünki ahıl həm gün ərzində sosiallaşır, həm də ailəsindən və doğmalarından ayrılmır”, – deyə o bildirib.
Nəsillər arasında körpü
Z.Nuriyeva hesab edir ki, ahılların sosial həyata cəlb olunması təkcə onların özləri üçün deyil, nəsillərarası münasibətlərin möhkəmlənməsi baxımından da önəmlidir.
Onun sözlərinə görə, bölgələrdə ahıllar mərkəzləri ilə gənclər mərkəzləri arasında əməkdaşlığın qurulması müsbət nəticələr verir. Gənclərin ahıllarla birgə sosial layihələrdə, yarışlarda və müxtəlif tədbirlərdə iştirakı qarşılıqlı ünsiyyətin güclənməsinə, milli-mənəvi dəyərlərin gənc nəslə ötürülməsinə imkan yaradır.
O əlavə edib ki, sosial xidmətlər yalnız mərkəzlərlə məhdudlaşmır. Tənha yaşayan və evdən çıxa bilməyən ahıllara səyyar sosial xidmətlər də göstərilir.
“Onların evdə ehtiyac duyduqları sosial xidmətlərlə təmin olunması olduqca vacibdir”, – deyə Z.Nuriyeva qeyd edib.
Z.Nuriyeva Beynəlxalq Ahıllar Günü münasibətilə bütün ahıllara uzun ömür və möhkəm cansağlığı arzulayıb, onların dövlət tərəfindən yaradılan sosial imkanlardan daha geniş faydalanmasının vacibliyini vurğulayıb.





