Azərbaycan Səhiyyə Nazirliyi Rusiyada taun xəbərlərini izləyir
Azərbaycan Səhiyyə Nazirliyi Rusiyanın İrkutsk vilayətində taunla bağlı məlumatları izlədiyini bildirib. Qurumun məlumatına görə, ölkədə əlavə məhdudlaşdırıcı tədbirlər hazırda tələb olunmur.

Azərbaycan Səhiyyə Nazirliyi Rusiyanın İrkutsk vilayətində taunla bağlı yayılan məlumatları izləyir. Bu barədə qurum məlumat yayıb və bildirib ki, göstəricilər Nazirliyin Xüsusilə Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müşahidəsi altındadır.
Nazirliyin məlumatına görə, hazırda Azərbaycanda taunla əlaqədar əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə ehtiyac yoxdur.
«Azərbaycanda epidemioloji vəziyyət sabitdir və müvafiq strukturların nəzarəti altındadır. Rusiyadan ölkəyə gələn şəxslərə münasibətdə sanitar-epidemioloji tədbirlər qüvvədə olan tələblərə uyğun həyata keçirilir. Şübhəli hal aşkar edilərsə, xəstədən götürülmüş nümunələrin laboratoriya müayinəsi Səhiyyə Nazirliyinin Xüsusilə Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin laboratoriyasında aparıla bilər. Mərkəz bu cür müayinələrin keçirilməsi üçün zəruri avadanlıq və materiallarla təmin olunub. Xüsusilə Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin fəaliyyət istiqamətlərinə taun və digər xüsusilə təhlükəli infeksiyalar üzrə epidemioloji nəzarət daxildir».
Nazirlikdə həmçinin qeyd olunub ki, son 50 ildə Azərbaycanda taunla yoluxmanın bir dənə də olsun halı qeydə alınmayıb.
Qurumun məlumatına görə, Azərbaycan əhalisi üçün xüsusi narahatlığa əsas verən vəziyyət yoxdur.
Mənbə: musavat.com





