ƏSA Teatrı fəaliyyətinin 10 illiyini qeyd edir
2016-cı ildə Nihad Qulamzadə tərəfindən təsis edilən ƏSA Teatrı inklüziv incəsənətin inkişafına və peşəkar kadrların yetişdirilməsinə töhfə verib.

Yenilənib: Sentyabr 3, 2026 1:09 axşam
Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı öz fəaliyyətinin 10 illiyini qeyd edir. 2016-cı ildə Nihad Qulamzadə tərəfindən əsası qoyulan kollektiv, əlilliyi olan və olmayan aktyorları bir araya gətirərək ölkədə inklüziv incəsənətin inkişafında mühüm rol oynayıb.
Teatrın hekayəsi 10 il əvvəl cəmi 20 kvadratmetrlik bir otaqda başlayıb. Ötən müddət ərzində kollektiv 13 tamaşa, 4 performans və onlarla rəqəmsal layihə hazırlayaraq, həm yerli, həm də beynəlxalq səhnələrdə Azərbaycanı təmsil edib.
Pandemiya dövründə də fəaliyyətini dayandırmayan teatr, həmin illərdə keçirilən respublika teatr festivalında birinci yerə layiq görülüb. Kollektiv fəaliyyət dövründə qarşılaşdığı çətinliklərə baxmayaraq, sənətə olan inamını qoruyaraq yeni yaradıcı yanaşmaların formalaşmasına və peşəkar kadrların yetişdirilməsinə töhfə verib.
ƏSA Teatrının qarşıdakı hədəfləri sırasında beynəlxalq uğurların coğrafiyasını genişləndirmək və Azərbaycanı dünya səhnələrində daha geniş şəkildə təmsil etmək dayanır. Kollektiv gələcəkdə daha dayanıqlı fəaliyyət imkanlarının yaradılacağına və teatrın layiq olduğu statusu əldə edəcəyinə ümid edir.
Yubiley münasibətilə teatrın təsisçisi Nihad Qulamzadə başda olmaqla, bütün kollektiv üzvlərini təbrik edirik.





