Türkiyə Prezident Simfonik Orkestri 200 illik yubileyini dünya turnesi ilə qeyd edir
Prezident Simfonik Orkestri (CSO) 200 illik yubileyi münasibətilə beynəlxalq qastrol turnesini elan edib. Proqramın kulminasiya nöqtəsi 2027-ci ilin sentyabrında Nyu-Yorkda keçiriləcək konsert olacaq.

Tarixi 1826-cı ilə dayanan Türkiyə Prezident Simfonik Orkestri (CSO) 200 illik yubileyi çərçivəsində beynəlxalq konsertlər silsiləsi keçirəcəyini elan edib. Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, yubiley mövsümünün proqramına Buxarest, Praqa, Vyana və Nyu-Yorkdakı çıxışlar daxildir.
Beynəlxalq turne 3 noyabr 2026-cı ildə Buxarest Milli Opera Teatrında başlayacaq. Respublika Gününə həsr olunmuş konsert dirijor Bujor Hoinikin rəhbərliyi ilə keçiriləcək. Proqrama Fərid Tüzünün "Türk kapriççosu", Motsartın 20-ci fortepiano konserti və Bujor Hoinikin "Anqora" simfonik poeması daxildir.
2027-ci ilin martında orkestr dirijor Cəmii Can Deliormanın rəhbərliyi ilə Avropa turnesinə çıxacaq. Martın 29-da kollektiv Praqanın Rudolfinum sarayının Dvorjak zalında, martın 31-də isə Vyana Konsertxausunda çıxış edəcək. Bu çıxışlarda violonçel ifaçısı Mişa Mayski solist qismində iştirak edəcək. Turnenin proqramına Fərid Tüzünün "Nəsrəddin Xoca süitası", Antonin Dvorjakın violonçel üçün konserti və Dmitri Şostakoviçin 10-cu simfoniyası daxildir. Martın 26-da bu proqram Ankarada təqdim olunacaq.
Yubiley mövsümünün yekun mərhələsi 21 sentyabr 2027-ci ildə Nyu-Yorkun Karnegi-hollunda keçiriləcək konsert olacaq. Orkestri Cəmii Can Deliorman idarə edəcək. Bu çıxışın repertuarı ilə bağlı təfərrüatlar daha sonra açıqlanacaq.
Nazir Mehmet Nuri Ersoy bu hadisənin əhəmiyyətini qeyd edərək, orkestrin öz ikiəsrlik tarixini dünyanın nüfuzlu səhnələrində davam etdirdiyini vurğulayıb. Xarici qastrollarla yanaşı, CSO cari mövsümdə də Ankaradakı çıxışları üçün dünyaca məşhur dirijor və solistləri dəvət etməyə davam edəcək.
Mənbə: cnnturk.com




