Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Bakıda XVIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar Qurultayı keçirilib. İştirakçılar birgə layihələri və musiqi sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Bakıda XVIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar Qurultayı keçirilib.
Qurultayda türk dövlətlərinin bəstəkar təşkilatlarının rəhbərləri, musiqişünaslar, mədəniyyət xadimləri və media nümayəndələri iştirak ediblər.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirib ki, qurultay türk dünyasının bəstəkarlarını bir araya gətirən, yeni yaradıcılıq imkanları yaradan və gənc müəllifləri dəstəkləyən beynəlxalq platformadır. O, tədbirin gələcəkdə birgə layihələrin və yaradıcı əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd edib.
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə qurultayın əsas məqsədlərindən birinin türk dünyası bəstəkarlarını birləşdirəcək ortaq qurum və koordinasiya mexanizmi yaratmaq olduğunu bildirib. O, həmçinin akademik musiqinin inkişafına və bəstəkarların əsərlərinin beynəlxalq səviyyədə tanıdılmasına diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
UNESCO-nun Azərbaycandakı Regional Ofisinin direktoru Abdulhakim Əlsənan mədəniyyət və elm sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyindən danışıb. O, Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı rolunu qeyd edərək, mədəni irsin xalqlar arasında əlaqələrin güclənməsinə xidmət etdiyini bildirib.
Qazaxıstan Bəstəkarlar Assosiasiyasının sədri Artyk Tökansanbayev türk dünyasının müasir musiqi əsərlərini bir araya gətirən kataloqun yaradılmasını təklif edib. Onun sözlərinə görə, belə bir kataloq bəstəkarların əsərlərinin beynəlxalq səviyyədə tanıdılmasına kömək edə bilər.
Özbəkistan Bəstəkarlar İttifaqının sədri Rustam Abdullayev isə son illərdə Özbəkistanda azərbaycanlı ifaçıların iştirakı ilə keçirilən konsertlərdən danışıb. O, gələcəkdə birgə konsertlərin keçirilməsi və gənc bəstəkarlarla ifaçıların dəstəklənməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyini bildirib.
Qurultay çərçivəsində türk dövlətləri arasında musiqi sahəsində birgə layihələr və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Mənbə: apa.az





