1912-ci ildə inşa edilmiş tarixi binada müasir incəsənət mərkəzi açılıb
Sənaye memarlığı üslubunda olan tarixi bina yeni funksiya qazanaraq sərgilər, elmi tədqiqatlar və təhsil proqramları üçün məkana çevrilib.

Memar Vilhelm Heyntselmanın layihəsi əsasında 1912-ci ildə inşa edilmiş binada yeni mədəniyyət məkanı açılıb. İlkin olaraq tramvay deposu və dizel elektrik stansiyası kimi istifadə olunan obyekt genişmiqyaslı transformasiyadan keçib, lakin öz tarixi görkəmini və sənaye xarakterini qoruyub saxlayıb.
Mərkəzin memarlıq konsepsiyası üzərində Fransanın Studio KO bürosu işləyib. Mütəxəssislər müasir infrastrukturu binanın tarixi strukturuna inteqrasiya edərək, müasir incəsənət sərgiləri, mədəni tədbirlər, kino nümayişləri və maarifləndirici mühazirələrin keçirilməsi üçün şərait yaradıblar.
Mərkəzin daxili məkanına sərgi zalları, kitabxana və təhsil fəaliyyəti üçün xüsusi zonalar daxildir. Yeni meydança elmi tədqiqatlar və mədəni dialoq üçün mərkəzə çevrilməyi hədəfləyir.
Mənbə: uza.uz





