İlham Əliyev İsveç və Estoniyanın yeni səfirlərini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev 23 sentyabrda İsveçin yeni səfiri Luis Mörsinqi qəbul edib. Tərəflər ikitərəfli münasibətləri və əməkdaşlığı müzakirə ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev 23 sentyabrda İsveçin Azərbaycan Respublikasındakı yeni fövqəladə və səlahiyyətli səfiri Luis Mörsinqi qəbul edib. Diplomat dövlət başçısına etimadnaməsini təqdim edib, bundan sonra görüş keçirilib.
İlham Əliyev ikitərəfli münasibətlərin gələcəkdə uğurla inkişaf etdiriləcəyinə və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdiriləcəyinə ümidvar olduğunu bildirib. O, qarşılıqlı səfərlərin və müxtəlif səviyyələrdə görüşlərin əhəmiyyətini, həmçinin investisiya, ticarət və biznes sahələrində tərəfdaşlıq imkanlarını qeyd edib.
Luis Mörsinq qəbul üçün prezidentə təşəkkür edib və iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi üzərində çalışacağını bildirib. O, İlham Əliyevi Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunan nailiyyətlər münasibətilə təbrik edib və tərəflər arasında etimadın möhkəmləndirilməsi istiqamətində atılan addımları alqışlayıb.
Səfir həmçinin İsveçdə çox sayda azərbaycanlı tələbənin təhsil aldığını qeyd edib və gələcəkdə onların Azərbaycan ilə İsveç arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Mörsinq ayrıca Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərindəki müsbət dinamikanı və ikitərəfli saziş üzrə danışıqların bərpasını vurğulayıb.
Diplomat Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı da yüksək qiymətləndirib.
Görüş zamanı İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin təşəbbüskarı və müəllifinin məhz Azərbaycan olduğunu bildirib, iki ölkə arasında əldə edilmiş sülhü dünyada presedentsiz adlandırıb.
Prezident həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin hazırkı vəziyyətini qeyd edib və Avropa Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallasın ölkəyə səfərlərini, eləcə də onlarla beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşləri xatırladıb.
Tərəflər Azərbaycan ilə İsveç arasındakı münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Mənbə: musavat.com





