Azərbaycan və Moldova teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Moldova Respublikasının Ejen İonesko adına Milli Teatrı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Moldova Respublikasının Ejen İonesko adına Milli Teatrı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Memorandumu Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Ejen İonesko adına Milli Teatrın direktoru, Xalq artisti Valeriu Pahomi imzalayıblar.
Mərasimdə Moldova Respublikasının mədəniyyət naziri Dan Suruceanu iki ölkə arasında mədəni əlaqələrin inkişafını yüksək qiymətləndirib. O bildirib ki, Akademik Milli Dram Teatrının təşəbbüsü hər iki teatrın inkişafına mühüm töhfə verəcək.
Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev isə səfirliyin iki teatrın yaradıcı əlaqələrinin genişlənməsinə dəstək verməyə hazır olduğunu qeyd edib.
İlham Əsgərov Akademik Milli Dram Teatrının beynəlxalq əlaqələri və həyata keçirdiyi layihələr barədə məlumat verib. O bildirib ki, milli teatrlar arasında beynəlxalq əməkdaşlığın inkişafı teatr sənətinin əsas prioritet istiqamətlərindən biridir.
Teatr direktorunun sözlərinə görə, artıq doqquz ölkənin milli teatrı ilə əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu əməkdaşlıq çərçivəsində milli dramaturgiyanın təbliği, tamaşa, rejissor və aktyor mübadiləsi, həmçinin festival, konfrans və ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.
Ejen İonesko adına Milli Teatrın bədii rəhbəri, Xalq artisti və rejissor Petru Vutkereu isə 2012-ci ildə Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında hazırladığı eyniadlı tamaşanı xatırlayıb və Azərbaycan teatr kollektivi ilə bağlı xoş təəssüratlarını bölüşüb.











